Baş nazir deputatların sorğularına 15 gün ərzində cavab verməli olacaq – RƏSMİ

Oxunma sayı: 20511 Oktyabr, 2017 11:00

Azərbaycan Milli Məclisinin deputatlarından baş nazirin və ya onun müavinlərinin ünvanına daxil olmuş sorğulara cavab layihələri Nazirlər Kabinetinin Aparatı tərəfindən 15 gündən gec olmayaraq hazırlanacaq.
 
 
Bu, prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası”nda əksini tapıb.
 
Sənədə əsasən, Nazirlər Kabinetinin digər üzvlərinə daxil olmuş sorğulara cavablar aidiyyəti mərkəzi icra hakimiyyəti orqanı tərəfindən hazırlanmalıdır. Sorğulara cavab vermək üçün baş nazir və ya onun tapşırığı ilə Nazirlər Kabinetinin digər üzvləri Milli Məclisin iclaslarında iştirak edirlər.
 
Milli Məclis Nazirlər Kabinetinə onun səlahiyyətlərinə aid edilmiş məsələlərə dair sorğu ilə müraciət etdikdə, Nazirlər Kabinetinin sorğuya cavabının layihəsi baş nazirin tapşırığı ilə aidiyyəti mərkəzi icra hakimiyyəti orqanı (orqanları) tərəfindən hazırlanır.
 
Milli Məclisin sorğusuna cavab Nazirlər Kabinetini təmsil edən səlahiyyətli şəxs tərəfindən, Azərbaycan Respublikası Milli Məclisinin iclasında bir aydan gec olmayaraq təqdim edilir.
 
///Report