"Rabitəbank"ın sahibi yayılan xəbərlərə aydınlıq gətirdi

Oxunma sayı: 86716 Oktyabr, 2017 12:00

Azərbaycanın iki köklü bankı - "Rabitəbank" və "Bank Respublika" konsolidasiya (birləşmə) ilə bağlı danışıqlar aparır.

Bu barədə bank sektorundakı bir neçə mənbə, o cümlədən sözügedən bankların adının çəkilməsini istəməyən əməkdaşları bildirib.

Həmsöhbətlərimizdən birinin sözlərinə görə, hələlik proses danışıqlar mərhələsindədir:

"İki bankın rəhbərliyi konsolidasiya ilə bağlı danışıqlar aparır. Hələlik danışıqlar mərhələsində olan proses yaxın vaxtda hüquqi mərhələyə keçəcək".

Mənbə onu da əlavə edib ki, bir müddətdir hər iki bank ATM şəbəkəsini birləşdirməklə məşğuldur.

Digər mənbə isə bunları deyib: "Danışıqlar gedir, nə vaxt və necə yekunlaşacağı barədə heç nə demək olmur".

"Rabitəbank"ın Müşahidə Şurasının sədri Zakir Nuriyev  açıqlamasında bildirib ki, rəhbərlik etdiyi bank daim konsolidasiya ilə bağlı danışıqlara açıqdır:

"Bilirsiniz ki, mən həm də Azərbaycan Banklar Assosiasiyasının prezidentiyəm. Bizim işimiz konsolidasiya prosesini təşviq və təbliğ etməkdən ibarətdir. Lakin hazırda konsolidasiya və ya qoşulma ilə bağlı konkret danışıqlar aparılmır, konkret qərar da yoxdur".

"Bank Respublika"nın ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Ramil Bayramov isə bildirib ki, konsolidasiyadan xəbərsizdir: "Məndə belə bir məlumat yoxdur".

Azərbaycan Banklar Assosiasiyasından isə konsolidasiya məsələsinin gündəmdə olduğunu bildirsələr də, bankların adlarını açıqlamaq istəməyiblər.

Maliyyə Bazarlarına Nəzarət Palatası isə müvafiq sorğumuza cavab verməyib.

Cari ilin mayın 31-də bankların yaydığı birgə məlumatda qeyd edilib ki, "Bank Respublika" və "Rabitəbank" bankomat şəbəkəsini birləşdirib. Birləşmiş şəbəkəyə 90-dan artıq bankomat daxildir.

"Bank Respublika" 1992-ci ildən fəaliyyət göstərir. Bankın səhmlərinin 84%-i iş adamı Natiq Quliyev və onun ailə üzvlərinə məxsusdur. Səhmdarlar arasında Almaniyanın DEG, "Sparkassen-Finanzgruppe" kimi maliyyə institutları da var.

"Rabitəbank" 1993-cü ildən etibarən fəaliyyət göstərir. Bankın əsas səhmdarları Müşahidə Şurasının sədri Zakir Nuriyev və onun ailə üzvləridir.

Marja.az