Proqnoz: Qlobal maliyyə böhranı daha 10 il davam edəcək

Oxunma sayı: 30821 Oktyabr, 2017 14:00

Qlobal maliyyə böhranının daha 10 il davam edəcəyi gözlənilir. 

2008-ci ildə başlayan maliyyə böhranı bundan sonra da qısamüddətli sabitləşmələrlə davam edəcək. 

Böhran inkişaf etmiş ölkələrə minimal dərəcədə təsir etsə də, bu kateqoriydan olan ölkələr iqtisadi artıma davam edəcək. Bu artım bəzən sürətli, bəzən isə zəif olacaq. İnkişaf etməkdə olan ölkələrdə isə maliyyə böhranı zamanı kəskin ÜDM azalması, növbəti dövrdə isə yenə də kəskin ÜDM artımı müşahidə olunacaq. Bu kateqoriyaya iqtisadiyyatı diversifikasiya olunmuş və bazar iqtisadiyyatı qanunlarına adaptasiya olmuş Türkiyə, Braziliya, Argentina, C.Afrika, Asiyanın bir çox ölkəsini aid etmək olar. 

Böhrandan ən çox əziyyət çəkməsi gözlənilən isə Rusiya, Qazaxıstan, Azərbaycan kimi xammal ixracına əsaslanan ölkələr olacaq. Buna səbəb kimi, adı çəkilən ölkələrin böhran qorxusunu öz üzərindən atmaq qorxusu olur. Yəni, hər hansı bir böhran şəraitindən sonra bu tip ölkələrin özünə gəlməsi çətin olur. Bu ölkələr yenidən iqtisadi inkişafa başladıqda isə növbəti böhran xəbəri maliyyə bazarına daxil olur.

"Hazırda xammal ixracına əsaslanan iqtisadiyyatlarda mərkəzi banklar dövriyyədə olan pul kütləsini azaldaraq xarici valyutaya tələbi, idxalın həcmini azaltmağa nail olub. Bu isə öz növbəsində iqtisadi artımı zəiflədir. Çünki, bu kateqoriyadan olan ölkələr idxal istehlakı ilə iqtisadi artıma nail olub. İdxal zəiflədikdə isə ÜDM artımı da geriləyir. Həmçinin, bu tip ölkələrin istehlakçıları qorxu psixologiyası ilə yaşayırlar. Onlar hər zaman növbəti böhranın ola biləcəyini düşünərək cari xərclərini minimumda saxlayırlar", - deyə Agentliyin ekspertləri qeyd ediblər.

Analitik qrup növbəti 10 ildə xammal ixracına əsaslanan ölkələrdə iqtisadi artım tempinin illik 2%-i ötməyəcəyini proqnozlaşdırır: "Böhran dövrlərində isə bu ölkələrdə kəskin iqtisadi azalma və devalvasiyalar proqnozlaşdırılır. Proqnozlar onu göstərir ki, yaxın 10 ildə daha iki kəskin qlobal maliyyə böhranı qaçılmazdır". 

// report.az