Milli Məclisdə Avropa Şurasının ünvanına kəskin çıxışlar

Oxunma sayı: 71921 Oktyabr, 2017 19:00

Parlament Cinayət Məcəlləsinə 300-ə yaxın dəyişikliyi təsdiqlədi

Oktyabrın 20-də Milli Məclisin payız sessiyasının növbəti plenar iclası spiker Oqtay Əsədovun sədrliyi ilə keçirildi. İclasın gündəliyi təsdiqlənən zaman məlum oldu ki, 20 məsələdən 3-ü layihələr hələ tam işlənmədiyi üçün müzakirələrə daxil edilməyib.

Spiker Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) payız sessiyası ilə əlaqədar deputatları məlumatlandırmaq üçün qurumdakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidova söz verdi. S.Seyidov etiraf etdi ki, bu sessiya digərlərindən fərqli olaraq nümayəndə heyəti üçün o qədər də asan keçməyib: “Bu sessiyanın bu şəkildə keçirilməsinin səbəbi yalnız Azərbaycanla bağlı bir neçə sənədin hazırlanması ilə bağlı deyil. Bu sessiyanın hətta bir neçə günü Azərbaycana həsr olunub. Azərbaycan məsələsi yalnız böyük iclasda yox, komitələrdə də müzakirə olunub. Nəyə görə Azərbaycan məsələsi gündəmə gətirilib, bizim üçün tam aydındır. AŞ-ın özündə gedən proseslər ona dəlalət edir ki, onlar bu gün əslində hansısa bir ölkəni hədəf tapıb öz problemlərini həll etməyə çalışırlar. Bizdən başqa monitorinqdə 10-dan çox ölkə var. Ancaq bu ölkələrin problemləri kənara qoyulur, Azərbaycan hədəf kimi müzakirə mövzusuna çevrilir. Qətnamələrin qəbul olunması prosesində Azərbaycana nəinki mənfi münasibət bəsləyən, hətta ölkəmizə nifrət edən deputatlar öz iş-güclərini qoyub gəlib orda iştirak və çıxış edirdilər.  Məsələn, Kristofer Ştrasser və digərləri. Belə deputatlar Azərbaycanı hədəf seçərək qeyri-obyektiv çıxış edirdi”.

Nümayəndə heyətinin rəhbəri AŞ-dan çıxmaqla bağlı fikirlərə də dolayısı ilə cavab verdi: “AŞ bizim üçün dünyaya öz mövqeyimizi çatdırmaq üçün həddindən artıq vacib bir təşkilat, tribuna, məkandır. Hesab edirəm ki, bizi bu məkandan məhrum etmək istəyirlər, düşmənlərimiz də buna çalışır”.

S.Seyidov daha sonra bunları bildirdi: “İclaslar zamanı çıxış edən şəxslər qəbul edilmiş bu sənədlərə elə bir əlavələr təklif edirdilər ki, onlar, ümumiyyətlə, həqiqəti əks etdirmirdi. Təəssüf ki, onların bir çoxu qəbul edildi. AŞ-ın baş katibi Avropa Şurasının ən yüksək dəyərlərini alətə çevirərək Azərbaycana təzyiq edir. 1 milyon insanın hüquqlarını unutmaq Azərbaycana qarşı ən böyük ədalətsizlikdir”.

S.Seyidov dedi ki, Ukrayna deputatları da Azərbaycana qarşı qətnamənin lehinə iştirak ediblər: “Təəssüf ki, bizim əleyhimizə səs verən o deputatlar elə Ukraynanın da əleyhinə səs verən deputatlardır. Yalnız Poroşenkonun partiyasından olan deputatlar səsvermədə iştirak etməyib”.

Türkiyə deputatlarının bir qrupunun Azərbaycana qarşı sənədə səs verməsinə toxunan S.Seyidov dedi ki, bu, ümumi mənzərəyə heç bir təsir göstərməyəcək: “Azərbaycan-Türkiyə əlaqələri möhkəmdir, bu münasibətləri heç bir qüvvə poza bilməz”.

S.Seyidov təzyiqlərin səbəblərinə toxundu: “Baxmayaraq ki, təzyiqlər həddən artıq böyükdür. Amma bu hücumlar Azərbaycanın uğurlu siyasətinin məntiqi nəticəsidir. AŞ-la münasibətlərimizi çox ciddi müzakirə etməliyik. Hesab etsək ki, deputatlardan başqa, Avropada Azərbaycana qarşı hansısa proseslər gedir. Biz əlimizdən gələni etməliyik ki, AŞ-la əlaqələrimiz ikitərəfli qarşılıqlı hörmət əsasında formalaşsın”.

“Təəssüf ki, Ukraynanın digər partiyaları Azərbaycanla bağlı qətnaməyə səs veribsə də, hakim partiyanın deputatları da öz növbəsində səsverməyə qatılmayıblar. Bu da bizi fikirləşməyə vadar edir”. Bunu isə spiker Oqtay Əsədov söylədi.

Dostluq qrupunun rəhbəri deputat Rüfət Quliyev bildirdi ki, bununla əlaqədar dərhal Ukraynadakı həmkarları ilə əlaqə saxlayıb: “Mənə dedilər ki, onlar Ukrayna prezidentini qarşılamaq üçün sessiyanı tərk ediblər”.

O.Əsədov AŞ-ın qərəzli mövqeyi barədə digər arqumentlər səsləndirdi: “Bu saat Avropa Məhkəməsinin 10 mindən artıq yerinə yetirilməyən qərarları var. Hətta yerinə yetirilməyən qərarların cərimələrini də vermirlər. Azərbaycanda isə bir neçə belə qərar var. Ancaq 68 ildir tətbiq olunmayan bir maddəni Azərbaycana qarşı tətbiq etmək istəyirlər”.

Deputat Tahir Kərimli isə məsələyə daha sərt reaksiya verməyə çağırdı: “Əgər Avropa Şurası Azərbaycanı öz sıralarından çıxartmaq istəyirsə, onda Azərbaycan özü o qərarı gözləmədən Avropa Şurasından çıxmaqla bağlı qərarını verməlidir”.

Daha sonra deputat Avropanın təsisatlarının ünvanına sərt fikirlər səsləndirdi: “Avropa bizim nə göy rəngimizi görmək istəyir, nə yaşıl rəngimizi. Bəs, bizim Qafqaz vüqarımız harda qaldı? Biz niyə əxlaqsızlıqdan dağılan imperiyaların diktəsi ilə yaşamalıyıq? Kimi azad etməliyiksə, özümüz azad etməliyik, heç vaxt böyük qüvvələrin diktəsi ilə yaşamamalıyıq. Kor-koranə o qüvvələrin qərarlarını icra etməməliyik”. 

Spikersə “Əgər biz AŞ-a kor-koranə itaət etsəydik, bizə qarşı belə davranmazdılar. Söhbətin kökü erməni diasporunun təsiri və Azərbaycanın tutduğu mövqe ilə əlaqədardır” dedi.

Deputat Fazil Mustafa dedi ki, AŞ Azərbaycana qarşı qərəzlidir: “Amma Azərbaycan heç bir platformada meydanı ermənilərə buraxmamalıdır. Əgər bizi çıxararlarsa, o halda öz kursumuzu bəyan etməliyik”.

Deputat Zahid Oruc da bildirdi ki, ölkə prezidenti Brüssel sammitində iştirak qərarını verməklə artıq Avropaya münasibətini ifadə etdi. “Biz Avropa Şurasından çıxmaqla bağlı qərar versək, ermənilər bu fürsətdən istifadə edəcək. Dağlıq Qarabağın ”müstəqilliyini" tanıtmaqdan tutmuş, digər məsələlərə qədər".

Spiker Oqtay Əsədov əvəzində “heç kim bu qurumdan çıxmağa hazırlaşmır. Biz bu qurumun münasibətindən danışırıq” - deyə, reaksiya verdi.

Gündəlikdəki məsələlərin müzakirəsi zamanı ilk olaraq Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına düzəliş qəbul edildi.

Deputat Qüdrət Həsənquliyev diqqəti Naxçıvandakı son hərbi təlimlərə yönəltdi: “Bu günlərdə Naxçıvanda keçirilən möhtəşəm hərbi parad Serj Sərksiyana tutarlı cavab idi. Hələ Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu Azərbaycan ordusunun kiçik bir hissəsidir. Odur ki,  Sərksiyan və ermənilər o paradı izləyib ağlını başına yığmalıdır”. Düşmənə xəbərdarlıq edən deputat qeyd etdi ki, artıq 90-cı illər deyil: “O zaman Azərbaycan daxilində kifayət qədər problemlər olduğundan torpaqlarımız işğal olundu. İndi tamamilə başqa Azərbaycandır. Ermənilər unutmasın, əgər Naxçıvandakı hərbi potensial işə düşsə, Ermənistanda daş-daş üstə qalmayacaq!”

Deputat Elmira Axundova isə dedi ki, Milli Məclisə yeni medalın təsis olunması ilə bağlı qanun layihəsi təqdim edilərkən şəkillər keyfiyyətsiz və solğun olur. Deputat bunu “hörmətsizlik” adlandırdı: “Qanun layihəsini Milli Məclisə təqdim edən orqan bunu düşünməlidir. Növbəti medal təsis olunarkən layihədəki şəkil keyfiyyətli olmalıdır”.

Deputat Qənirə Paşayeva  sovetlərin işğalı nəticəsində qardaş Türkiyəyə mühacirət etmək məcburiyyətində qalan Cümhuriyyət qurucuları və fəallarından bəhs etdi. Qardaş Türkiyədə onların xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atmağa çağırdı: “Hər zaman getdiyimiz yerlərdə fəxrlə deyirik ki, bütün müsəlman şərqində ilk parlamentli demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti bizə məxsusdur. Xalq Cümhuriyyətinin qurucuları və bir sıra fəalları sovet işğalı nəticəsində qardaş Türkiyəyə mühacirət edib, orada yaşayıb mübarizələrini davam etdiriblər. 3 gün əvvəl İstanbulda Feriköy məzarlığını ziyarət etdik. Orada cümhuriyyətimizin qurulmasında böyük xidmətləri olmuş bir çox böyük şəxsiyyətlərimiz uyuyur.  Amma bu tarixi qəbiristanlığın girişində belə orada Azərbaycan Xalq Cümhuriyyətinin bəzi qurucularının, fəallarının məzarlarının yerləşməsi barədə bir məlumat lövhəsi yoxdur. Nəzərə alsaq ki, Cümhuriyyətimizin 100-cü ildönümü ilə bağlı tədbirlər artıq başlayıb, çox vacib məsələdir ki, Cümhuriyyət qurucularımızın və fəallarının bir çoxunun məzarının qardaş  Türkiyədə yerləşdiyini nəzərə alaraq burada bu kimi vacib məsələlər qısa zamanda həyata keçsin. Mən müvafiq qurumları bu istiqamətdə addımlar atmağa çağırıram”.

Azərbaycan prezidentinin cəzaların humanistləşdirilməsinə dair Cinayət Məcəlləsinə təklif etdiyi əlavə və dəyişikliklər layihəsi isə daha geniş müzakirə olundu. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bu barədə məlumat verdi.

Layihədə yeni cəza növünün - azadlığın məhdudlaşdırılması cəzasının tətbiq olunması, bəzi cəza növləri üzrə azadlıqdan məhrumetmənin maliyyə sanksiyaları ilə əvəzlənməsiylə birlikdə 300-dən çox dəyişiklik, o cümlədən 34 cinayət üzrə cəzanın müddətinin azaldılması təklif edilir. Məcəllədən bir sıra maddələr çıxarılıb. Cinayət tərkiblərinin Cinayət Məcəlləsindən çıxarılması yolu ilə bu əməllər dekriminalaşdırılıb. Belə əməllərin sayı 15-dir. Bunlar əsasən mülkiyyət əleyhinə cinayətlər və ehtiyatsızlıqla törədilən cinayətlərdir. Məcəlləyə “azadlığın məhdudlaşdırılması” cəzası əlavə edilib. Azadlığın məhdudlaşdırılması və digər bu kimi cəzalar bütövlükdə 152 maddənin sanksiyasına daxil edilib. Dəyişikliklə 18 cinayət az ağır cinayətlər kateqoriyasından böyük təhlükələr törətməyən kateqoriyaya, eyni zamanda 4 cinayət ağır kateqoriyadan az ağır kateqoriyaya keçirilib.

Deputat Qüdrət Həsənquliyev çıxış edərək bildirdi ki, layihədəki  bəzi məsələlər onu narahat edir: “Qanun layihəsini dəstəkləyirəm. Müsbət haldır ki, bunun ictimai müzakirəsi keçirildi. İki əsas istiqamət məni narahat edir. Cəzanı humanistləşdirmək adı ilə məcəllədə külli miqdarda əmlakın oğurluq yolu ilə əldə edilməsi cəzası 18 ilə çatdırılır. Ömürlük həbs cəzası çəkən insanlar var. Onların çoxu insan öldürdüyü üçün cəzaya məhkum olunublar. Əvvəlki məcəllədə bu şəxslərin cəzasının çəkilməmiş hissəsi 15 illə əvəzlənə bilərdi. İndiki isə məhkumun son 5 ildə özünü yaxşı aparsa, çəkilməyən cəzasının müddəti 10 illə əvəzlənməsi nəzərdə tutulur. Və yaxud hakimiyyət nümayəndəsinə zorakılıq tətbiqetmə sanksiyasının yuxarı həddi 7 ildir. Zorlama cinayəti 4-8, azyaşlı ların zorlanması isə 10-15 il cəzalandırılır. Bu yaxınlarda azyaşlı insan zorlanmışdı və cəmiyyət tələb edirdi ki, həmin şəxs haqqında ölüm hökmü çıxarılsın. Qanun layihəsini hazırlayanlar sanki varlı insanların maraqlarını müdafiə ediblər. Belə mənzərə yaranır ki, varlı insanların əmlakı insan sağlamlığından daha dəyərlidir”.

Deputat Əli Məsimli bildirdi ki, kredit borcu olan vətəndaşların cəzasının artırılması məsələni həll etməyəcək: “Burada cəzanın 3 ildən 4 ilə qaldırılması və ya 1 ilə endirilməsi təsirli olmayacaq. Çünki kredit borcu olanlar borclarını çoxdan ödəyiblər. Məhkəmələrin onlara qarşı müəyyən etdiyi cəza almadıqları borclarına görədir. Bu məbləğ elədir ki, vətəndaşların onu qaytarması mümkün deyil. Bir məhkumun bir günlük xərci 22 manat, 1 ayda 660 manatdır. Bu da orta aylıq əmək haqqından 1.3, dövlət büdcəsindən maliyyələşən bəzi sahələrdəki orta aylıq əmək haqqından 2.5 dəfə çoxdur. Bu vəsaiti ipotekaya yönləndirə bilərik”.

Birinci vitse-spiker Ziyafət Əsgərov isə əks-arqumentlərə cavabında dedi ki, bu layihə Azərbaycan prezidentinin sərəncamına uyğun olaraq, cəzaların humanistləşdirilməsini nəzərdə tutur.

“Kredit borcları Cinayət Məcəlləsi, yaxud başqa bir məcəllə çərçivəsində həll olunası məsələ deyil. Burada da 3 il qədər cəzanın humanistləşdirmə nəticəsində cəzanın 2 ilə endirilməsindən söhbət gedir. Bu 3 illik cəza 4 ilə qədər qaldırılsa da, cəza 2 ilə endirilsə də, bu istiqamətdə yaxşılığa doğru heç nə dəyişməyəcək”.

Deputat Tahir Kərimli isə 5 min manatlıq kredit borcuna görə 2 il, 500 min manata isə 1 il həbs cəzasının verilməsini normal saymadı.

Deputat Zahid Oruc “kreditlərlə bağlı azadlıqdan məhrumetməni ortadan götürmək lazımdır. Külli miqdarlar üçün sərt cəzanın saxlanmasını isə anlayışla qarşılayıram” - deyə, bildirdi.

Müzakirələrdən sonra layihə səsə qoyularaq qəbul olundu.

// musavat.com