Səməd Seyidovu bitirirlər: Sona doğru gedir

Oxunma sayı: 366721 Oktyabr, 2017 10:00

“Proseslərin bu həddə çatmasında nümayəndə heyətimizin rəhbərinin məsuliyyəti böyükdür” - Politoloq 

Avropa Şurası Parlament Assambleyasının Azərbaycanla bağlı bir gündə iki qətnamə qəbul etməsindən sonra yaranan gərginlik davam edir. Artıq elə bir vəziyyət yaranıb ki, Azərbaycan Milli Məclisinin AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov ölkəmizi Avropa Şurasından xaric etmək istədiklərini bəyan edib. Səməd Seyidov bildirib ki, AŞ PA-nın son sessiyası başqa sessiyalardan fərqli olaraq Azərbaycan nümayəndə heyəti üçün o qədər də asan keçməyib. S. Seyidov qeyd edib ki, Azərbaycan məsələsi yalnız sessiyada yox, komitələrdə və siyasi partiyalarda da müzakirə olunub: “Bunun haradan qaynaqlandığı, haradan ortaya çıxdığı bizim üçün hələ də sualdır. Bu gün Avropa Şurası daxilində elə tendensiya yaranıb ki, onlar hansısa ölkəni hədəf seçib, öz problemlərini həll edirlər. Azərbaycanı Avropa Şurasından çıxarmağa çalışanlar var”.

AŞ PA-nın Azərbaycana bir sıra məsələlərdə ayrı-seçkilik etdiyi bəllidir. Ancaq bəzi ekspertlər onu da bildirirlər ki, münasibətlərin bu həddə gəlib çatmasında Səməd Seyidovun və onun rəhbərlik etdiyi nümayəndə heyətinin də məsuliyyəti var. Bu cür düşünənlər fikirlərini belə əsaslandırırlar ki, Azərbaycan hökuməti ilə AŞ PA arasında yaranan gərginlikdə AŞ PA-dakı nümayəndə heyətinin və nümayəndə heyətinin sədri Səməd Seyidovun orada yaxşı iş apara bilməməsi, problemlər və beynəlxalq təşkilatın tələbləri barədə Azərbaycan rəhbərliyinə zamanında ciddi məlumat verməməsi faktorları da müəyyən qədər rol oynayır.

Politoloq Elşən Mustafayev bu barədə “Yeni Müsavat”a bildirib ki, Azərbaycan hökuməti ilə AŞ PA arasında yaranan gərginliyi müxtəlif səbəblərlə izah etmək olar: “Rəsmi olaraq ortada olan səbəb bir sıra öhdəliklərin yerinə yetirilməməsi olsa da digər səbəb prosesləri bu həddə qədər çatmasına bilərəkdən və ya bilməyərəkdən şərait yaradanlardır. Bu məsələdə məsuliyyət  yükünün önəmli hissəsi AŞ PA nümayəndə heyətinin üzərində olduğu üçün proseslərin bu həddə çatmasında da onların, daha çox da Səməd Seyidovun məsuliyyət məsələsi böyükdür. Onların  AŞ PA-da dəfələrlə çıxışlarına qulaq asmışam. Məndə elə təəssürat yaranıb ki, nümayəndə heyəti özünü sanki Azərbaycanın Milli Məclisində keçirilən iclaslardakı kimi hiss edir. Söylənən nöqsanlar A-dan Z-yə qədər inkar edilir, onları söyləyənləri isə  ittiham edirlər və sair. Halbuki nümayəndə heyəti orada eyni zamanda diplomat kimi özlərini aparmalıdır. Qəribə paradoks yaranır. Prezident müxtəlif səviyyəli beynəlxalq görüşlərdə ölkədə müəyyən problemlərin olduğunu etiraf edir, onların müxtəlif  səbəblərlə bağlı olduğunu və tədricən həll olunacağını bildirir. Bu, daha düzgündür. Amma deputatlar hansısa problemin olduğunu etiraf etməyə qorxurlar. Əslində isə onlar öncədən Azərbaycan hökumətini yarana biləcək problemlərdən qorumalı,  hakimiyyəti zamanında müəyyən addımların atılmasının vacib olduğuna inandırmalı idilər. Odur ki, hesab edirəm AŞ PA ilə hökumət arasında  yaranan gərginlikdə bizim nümayəndə heyətinin rəhbərinin məsuliyyəti az deyil. Ondan da hesab sorulmalıdır”.

// Musavat.com