"Broker Əblüfəz"lə bağlı dəhşətli sirlərin üstü - AÇILDI

Oxunma sayı: 556220 Noyabr, 2017 12:00

Azərbaycanın gömrük sistemində fəaliyyət göstərən "Broker" MMC adlı şirkətlə bağlı mətbuatda zaman-zaman qalmaqallı xəbərlər yayılır. Düzdü, bu məlumatların bir çoxu sonradan "müəmalı şəkildə" yoxa çıxır. Amma milyardların dövr etdiyi bu şirkətlə bağlı kiçik bir araşdırma aparanda ortaya kifayət qədər ciddi faktlar çıxır.

"Broker” MMC-nin taladığı milyonlar

Rəsmi sənədlərdə “Trans Broker” MMC kimi qeydiyyatdan keçən, amma "Broker" MMC adlanan şirkətlə bağlı apardığımız araşdırmalar zamanı bir çox ilginc informasiyalarla qarşılaşdıq. Bu yazıda həmin informasiyalardan bəzilərini təqdim edəcəyik.

Öncədən qeyd edək ki, gömrüyün səlahiyyətlərinə sahib çıxaraq onun funksiyasını həyata keçirən "Broker” MMC Gömrük Məcəlləsinin 22-ci maddəsinə əsaslanaraq yaradılıb. Orada göstərilir ki, broker xidməti malların, nəqliyyat vasitələrinin gətirilməsi, tranzitin həyata keçirilməsi və gömrükdə təmsilçiliklə bağlıdır. Təmsilçilik üçün isə sahibkarla müqavilə bağlanmalıdır. “Trans Broker” MMC də himayədarlarının verdiyi səlahiyyətlər çərçivəsində sahibkarları belə müqavilələr bağlamağa və gətirdiyi maldan götürəcəyi ehtimal olunan gəlirin ən azı 60- 70%-ni əvvəlcədən onlara verməyə məcbur edir.

"Broker” MMC-nin iş prinsipi - sahibkarlardan “haqq” yığma metodu da sadədir. Gömrükdən keçən bütün yükdaşımalara, yəni, karqo biznesinə nəzarət bu quruma verilib ki, o da bundan istifadə edib büdcəyə çatan vəsaiti xüsusi hesablara yönəldir. Təsəvvür edin ki, brokerlər gömrüyə daxil olmayana qədər, heç kəs yük maşınlarını aça bilməz. Əgər gömrüyün təxminən 3000 nəfər işçısi varsa, "Broker” MMC-nin 5 minə yaxın əməkdaşı var.

"Broker" MMC rəhbərliyi ölkəmizə gətirilən bir çox mallara monopoliya qoyması və bu işdən il ərzində milyonlarla, az qala milyardalralla qazanc əldə etmələri heç kimə sirr deyil. Bu şəbəkəyə başçılıq edən Əbülfəz Məlikov və onun işçiləri hərəsi bir sahəni inhisarda saxlayan oliqarxların təmsilçiləridir. Bir çox hallarda sahibkarların gətirdiyi mal da elə onların adına rəsmiləşdirilir və pulu da onlar alıb mərkəzə ötürür. Onlar oliqarxların maraqlarına uyğun olaraq, idxal olunan məhsullara rüşvət tarifləri tətbiq edirlər ki, ölkədə həmin malları ucuz sata bilməsinlər. Yığılan qeyri-rəsmi vəsait isə “Trans Broker” MMC vasitəsilə bir mərkəzə toplanır. Buna görə, brokerlərin hər birinə Əbülfəz Məlikov 1000-4000 dollar arası "paket" sistemi ilə maaş verir. Oliqarxların təmsilçiləri əlavə olaraq öz sahiblərindən də aylıq "paket" alırlar.

Bazardakı qiymət kimi, onun iştirakçılarını da bu brokerlər müəyyənləşdirir. Yəni, istədikləri iş adamı ilə əməkdaşlığı dayandırmaqla onu asanlıqla bazardan vurub çıxara bilirlər. Sahibkarların narazılıqları isə gömrük-keçid məntəqəsindən o yana keçmir.

"Broker" MMC Azərbaycan bazarında qiymətlərin səviyyəsinə qeyri-rəsmi şəkildə nəzarət edir. Yəni Əbülfəz Məlkovun başçılıq etdiyi bu şirkətin gömrükdə müəyyən etdiyi "haqq" bazarın hansı səviyyədə olmasını birbaşa planlaşdırır.

Əbülfəz Məlikov həm də birbaşa gömrüyə nəzarət edir. Gömrük sistemindəki mənbələrin bildirdiyinə görə, onun icazəsi olmadan heç bir sahibkar ölkə ərazisinə xaricdən satış məqsədi ilə heç nə keçirə bilməz. Dövlətin və vətəndaşların yox, monopolistlərin maraqlarına xidmət edən Əbülfəz Məlikov onların razılıq vermədiyi heç bir məhsulun Azərbaycan sərhədlərini keçməsinə icazə vermir.

Bütün bunların nəticəsidir ki, "Broker” MMC-nin direktoru gömrük sistemini tamamilə nəzarətinə götürüb, Dövlət Kömrük Komitəsindən belə böyük səlahiyyətlərə sahibdir. 

"Broker” MMC: iş adamlarının qənimi

"Broker” MMC iş adamlarının idxal etdiyi məhsuldan götürəcəyi ehtimal olunan gəlirin ən azı 60-70 faizini əvvəlcədən rüşvət şəklində onların əlindən alır. Ancaq bununla da kifayətlənməyib, iş adamlarını cinayətə məcbur edir, onları gətirdikləri malın dəyərini rəsmi bəyannamədə dəfələrlə aşağı göstərməyə təhrik edirlər.

Təsadüfi deyil ki, əvvəllər idxal olunan mallara görə, şirkətlər internet vasitəsilə özlərinin sub-uçot hesabından gömrük orqanının hesabına əlavə dəyər vergisi üçün ödəmələr edə bilirdisə, 2009-cu ildən bu qadağan edilib. Tələb qoyulub ki, sahibkar gətirdiyi malın vergisini nağd ödəməlidir. Çünki brokerlər ƏDV üçün gömrüklərdə ödəmə aparmaq istəyənlərdən ödəniləcək məbləğin ortalama 50 faizini ayrıca “hörmət” kimi tələb edirlər. Əgər sahibkar malın vergisini depozit hesabından ödəyərsə, onda ödədiyi pulun 50 faizi qədər yenidən əlavə pul verməyə məcbur edilir. Misal üçün, sahibkar gətirdiyi mala görə depozit hesabından 5 min manat vergi ödəyirsə, ondan 2500 manat da əlavə pul alınır. Verməyənlərin malı ölkəyə buraxılmır. Buna görə də sahibkarlar Gömrük Komitəsinin qaydaları ilə razılaşmağa, ya malın böyük hissəsini qeydiyyatdan yayındırmaqla, ya da dəyərini dəfələrlə aşağı göstərməklə dövlətə ödəniləcək rüsumu rüşvətlə birgə təyin olunmuş adamlara verməyə məhkumdurlar.

İş adamlarının dediyinə görə, sahibkarın gətirdiyi 10 manatlıq malın dövlət büdcəsinə köçürülməli olan vergisi nağd şəkildə ondan alınır. Malın qiymətisə sənədlərdə 2 manat göstərilir, dövlətə vergi də həmin o, 2 manatdan ödənilir.

Sahibkar gətirdiyi mala görə rüsumları bank vasitəsilə ödəyirsə və ya alıcı şirkətə bank vasitəsilə pul çıxarırsa, gömrükdə məcbur edirlər ki, həmin malın qiymətini aşağı göstərsin. Yəni, sahibkar idxal etdiyi mala görə, 50 min manat pul köçürürsə, müvafiq gömrük idarəsində tələb edirlər ki, həmin malın qiymətini 8-10 dəfə aşağı, təxminən, 5-6 min manat yazsın.

Məsələn, iş adamlarından birinin dediyinə görə, invoys dəyəri 100 min dollar olan mal "Broker” MMC tərəfindən 15 min dollar kimi sənədləşdirilir və dövlət büdcəsinə 100 min dolların deyil, 15 min doların gömrük rüsumu və ƏDV-si daxil olur. Bu əməliyyat qurtarandan sonra əlavə olaraq sahibkar tərəfindən brokerlərə 20 min dollar rüşvət kimi verilir.

Anar Allahverdiyev "Broker" MMC-nin pullarını Amerikada yeyir

"Broker" MMC-nin kilid isimlərindən biri də Anar Allahverdiyevdir. Bu şəxslə bağlı araşdırmalar maraqlı məqamlarınüzə çıxması ilə nəticələndi.

Əslən Şamaxı rayonundan olan Anar Allahverdiyev "Broker" MMC-nin rəhbəri Əbülfəz Məlikovun xalası oğludur. Onun "Broker" MMC-nin "kassiri" və Əbülfəz Məlikovun ən etibarlı, inamlı adamı olduğu bildirilir. Anar Allahverdiyevin "Broker" MMC-nin hesabına milyonlarla manat dəyərində mal-mülkə sahib olması və əldə etdiyi pullarını istədiyi kimi, əsl Ərəb şahzadələri kimi xərclədiyini demək olar. 

Anar Allahverdiyevin tez-tez ABŞ-a səfər etdiyi və Lon Anclesdə Əbülfəz Məlikovun "bəzi işlərini" görüdüyü deyilir. İddiaya görə, o, Amerikada Əbülfəz Məlikova məxsus çirkli pulların yuyulması və başqa ölkələrə gizli investisya qoyulması prosesində iştirak etdiyi deyilir. Məlumatda qeyd olunur ki, Əbülfəz Məlikov "Broker" MMC-nin əli ilə əldə etdiyi milyonlarla manat vəsaitləri xalası oğlu, ən inandığı adamına etibar edib. 

Əbülfəz Məlikov - Anar Allahverdiyev
(Anar Allahverdiyevin qardaşının toyu)

Adı "Broker" MMC-nin işçisi kimi yazılan Anar Allahverdiyev demək olar ki, ilin 7-8 ayını Amerikada və Avropada keçirir. Onun bu qitələrə məhz Məlikovun tapşırığı ilə getdiyi və işlər gördüyü iddia olunur. Mənbələr bildirir ki, Anar Allahverdiyev öz əyləncələrindən də qalmır. ABŞ və Avropa səfərləri zamanı dünyanın ən bahalı məkanlarında istirahət edən Əbülfəz Məlikovun "sağ əli" "Broker" MMC-nin "pulları"nı kef məclislərinə xərcləyir. İddia edilir ki, bu şəxs "Broker" MMC-nin çirkli pullarının hesabına Amerikada və Avropada ayda ərzində 200-300 min manat xərcləyir. 

Məlumatlı mənbələr həmçinin iddia edir ki, Anar Allahverdiyevin Bakı şəhərində onlarla mülkü var. Onun sahib olduğu mülklərin, obyektlərin əksəriyyətinin Əbülfəz Məlikova məxsus olduğunu demək olar. Paytaxtın Teymur Əliyev küçəsində yan-yana tikilən 3 villanın təkcə qiyməti 10 milyon manata yaxındır. İsmayıllı, Qəbələ, Quba, Şamaxı, Qax rayonlarında onlarla imarətin qiymətini isə hesablamaq çətindir. Anar Allahverdiyevin sürdüyü maşınların ən ucuz qiymətiinin 150 min dollar olduğunu qeyd edə bilərik. 

Qeyd edək ki, bir müddət əvvəl Göyçay şəhərinin Mehdi Hüseynzadə küçəsində, rayon sakini 1980-ci il təvəllüdlü Allahverdiyev Müşfiq Ağayusif oğlu qaynı, Potu kənd sakini 1986-cı il təvəllüdlü İsgəndərov İlqar Əli oğluna döş qəfəsi və ayaq nahiyyəsindən 3 bıçaq xəsarəti yetirərək öldürməyə cəhd etməsi ilə bağlı rəsmi xəbər yayılmışdı. Hadisənin səbəbkarı Müşfiq Allahverdiyevin sabiq həyat yoldaşının qardaşı ilə aralarındakı ailə münaqişəsindən yaranan münaqişədən belə bir hadisə törətməsi bildirilirdi. Hadisə nəticəsində ağır bədən xəsarətləri alan İlqar İsgəndərov Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdirilmişdi. Hətta Müşviq Abdullayev bıçaqlayıb öldürmək istədiyi İlqar İsgəndərovun ölmədiyini və xəstəxanada əməliyyat olunduğunu öyrənərək başladığı işi bitirmək üçün Göyçay Mərkəzi rayon Xəstəxanasına basqın etməsi və bundan sonra polisin cinayətkarı elə xəstəxanadaca həbs etdiyi bildirildi. Bunu xatırlatmağımızın səbəbi var. Belə ki, Müşfiq Allahverdiyev məhz haqqında danışdığımız Anar Allahverdiyevin qardaşıdır. Anar Allahverdiyev özü də bundan əvvəl qardaşının həyat yoldaşını evdən qovduğuna görə mətbuatın gündəminə gəlmişdi. 

Göyçay sakini, iki uşaq anası Ülviyyə Allahverdiyeva aclıq aksiyası keçirərək mətbuatın gündəminə gəlmişdi. Acılıq elan edin xanım bildirmişdi ki, həyat yoldaşından boşandıqdan sonra qaynı Anar Allahverdiyevin təzyiqləri altında iki uşağıyla birlikdə küçələrdə qalıb. Prezident İlham Əliyevə və ölkənin birinci xanımı Mehriban Əliyevaya müraciət ünvanlayan Ülviyyə Allahverdiyeva bildirmişdi ki, Anar Allahverdiyev onu ölümlə təhdid edir və ailə həddindən artıq varlı olmasına baxmayraq, onu iki uşağı ilə küçəyə atıblar. Öz növbəsində Ülviyyə Allahverdiyeva müraciətində bildirmişdi ki, Göyçay rayon məhkəməsinin hakimi Fərhad Əfəndiyevin və Şəki Apellyasiya Məhkəməsinin hakimi Mahir Əsədli onun haqqlarını qorumaq əvəzinə iki uşağı ilə küçəyə atılmış ananı həbslə hədələyir.

// Qaynar.info