FAB keyfiyyəti ilə tanınır və öndədir

Oxunma sayı: 4612 Yanvar, 2017 22:46

“FAB Boya və Kimya Sənayesi” MMC-nin Azərbaycan iqtisadiyyatında önəmli rolunu sübut edən tək bir rəqəmi qeyd etmək istərdik. Bu şirkət yerli istehlakçının tələblərini ödəyən 20-25 min çeşiddə məhsul istehsal və idxal edir. Ölkənin tikinti məhsulları üzrə xarici asılılığına son qoyan FAB, bu il daha bir neçə istehsalat fabrikini istifadəyə verib. Yerli bazarın vəziyyəti, yeni məhsulların üstünlükləri və s. barədə müsahibimiz  şirkətin Satış və Bazarlama müdiri Polad Əlişovdur.

– Polad müəllim, 2016-cı ilin 3-cü rübü artıq yekunlaşıb, bir sözlə, ili başa vurmağa hazırlaşırıq. FAB-da hansı yeniliklər var?

– Bilirsiniz ki, FAB yenilikçi bir şirkətdir. Bu il yeni istehsal sahələri açmışıq və bazara çıxartdığımız keyfiyyətli məhsul çeşidlərimiz də artıb. Qürurla deyə bilərik ki, müəssisənin yeni bir qolu olan plastik boru istehsalı uğurla fəaliyyətə başladı. “HİLLFAN” markası ilə bazara çıxarılan bu plastik borular keyfiyyətinə görə xarici məhsullara ən layiqli rəqibdir, üstəlik qiymət baxımından daha sərfəlidir. Həmçinin fitinqlər, aksesuarlar, silikon tapançalar, elektrik məhsulları, boyaçı qabları da yeni məhsul çeşidlərimizin sırasına daxil oldu. Müəssisəmiz öz profili üzrə yerli bazarda tələbat duyulan məhsulların istehsalını genişləndirməklə xaricdən asılılığı aradan qaldırmağı hədəfləyib. Bu məqsədlə ilk növbədə keyfiyyət parametrlərinə üstünlük veririk. Hesab edirəm ki, FAB-ın istehsal etdiyi yeni məhsullar öz keyfiyyətinə görə xarici analoqlarından geri qalmır, hətta üstündür. Bu il boya sahəsində çox böyük yeniliyə imza atdıq - FAB Meqa Qrup istifadəyə verildi. FAB Meqa Qrupu brendi ilə bazara buraxdığımız boyalar Azərbaycana gətirilən ən məşhur xarici boyalarla belə keyfiyyət rəqabətinə girə bilər. Həm qiymət baxımından xarici istehsaldan ucuzdur, həm də keyfiyyət parametrləri çox yüksəkdir. Su bazlı laklar da yeni istehsalımız sırasındadır. Bu laklar həm keyfiyyətli, həm də istifadədə çox rahatdır. Laklar bir günün ərzində quruyur, cızılmır və uzunömürlüdür.  Hazırda müəssisələrimizdə dünyanın ən tanınmış və ən müasir texnologiyalarından istifadə edirik. İstehsalat prosesləri tam avtomatlaşdırılıb. Xüsusi olaraq FAB Akademiyasının II korpusunun istifadəyə verilməsini vurğulamaq istərdim. Bu korpus yeni istehsal sahələrinin yaradılması üçün fövqəladə əhəmiyyət daşıyır.

– Yerli istehsalın dəstəklənməsi məqsədilə hökümət mühüm qərarlar verdi, yoxlamaların sayı azaldıldı. Öz işinizdə bunun müsbət təsirlərini hiss edirsinizmi?

– Cənab Prezidentimizin yerli iqtisadiyyata göstərdiyi dəstək nəticəsində iqtisadi inkişaf güclənir. Xüsusən də qeyri-neft sektorunda açılan müəssisələrin sayı artır. İndi sahibkarlığın inkişafı üçün heç bir məhdudiyyət yoxdur. Bunu həm yoxlamaların sayında, həm də yerli sahibkara münasibətin daha da yaxşılaşmasında hiss edirik. FAB olaraq bu tədbirlər bizi də ruhlandırır və yeni məhsullar istehsal etmək üçün əl-qolumuzu açır. Cənab Prezidentin yerli sahibkarlara dəstəyini artıq hər bir addımda hiss edirik.

– İstehsalın ən vacib zəncirlərindən biri xammaldır. Hansı xammal növlərini yerli bazardan əldə edirsiniz?

– Əgər istehsal üçün yerli xammal varsa, ilk növbədə öz məhsullarımıza müraciət edirik. Bu yerli xammalın daha ucuz başa gəlməsi, həm də valyutanın xaricə axının qarşısını almaq deməkdir. Eləcə də yerli xammaldan istifadə nəticə etibarilə məhsulun maya dəyərinin daha münasib formada formalaşmasına, sonda bazara qiymət baxımından daha rəqabətli məhsul çıxartmağa imkan verir. Həmçinin, qeyd edim ki, şirkətimizin polimerlər fabrikində  kimya sənayesinə aid müxtəlif məhsulların hazırlanmasında xammadə kimi istifadə edilən Stren akrilik, PVA (Polivinilasetat), Vaytspirit və başqa polimerlər istehsal edilir.

– Xaricdən gətirilən xammalı yəqin ki, dollarla alırsınız. Milli valyutaya konvertasiya edəndə əvvəlkindən baha alınır. Nəticədə isə məhsulun maya dəyəri qalxır. FAB məhsulları nə qədər bahalaşıb?

– Çox düzgün vurğuladınız. Əlbəttə, xaricdən aldığımız xammal və bəzi kimyəvi əlavələrin qiyməti indi daha baha başa gəlir. Amma biz vəziyyəti nəzərə alaraq yerli istehlakçılarımıza böyük dəyər veririk. Buna görə də məhsullarımızın qiymətində cüzi artım oldu. Şirkət öz gəlirlərinin azalması hesabına qiymətlərin böyük artımına imkan vermədi.

– Azərbaycanda tikinti bumunun səngiməsi FAB məhsullarının satışında hiss olunurmu?

– Məlumdur ki, son 20 ildə əhalinin rifah halı yüksəldikcə tikinti işləri artdı. Paytaxtda və eləcə də rayonlarda yeni yaşayış binaları, eləcə də ictimai əhəmiyyətli müasir tikililər inşa edildi. Təbii ki, bütün bunlar tikinti məhsullarına tələbatı artırdı. Azərbaycanın yerli və keyfiyyətli tikinti məhsulları istehsalçısı kimi tanınan FAB bu tələbatı ödəməyə çalışdı. Ötən illərdə müəssisəmiz böyüdü və yeni istehsal sahələrini  istismara verdik. Bəli, tikinti sektorunda azalma müşahidə olunur, ancaq fərdi ev tikintisi davam edir, həm də iri dövlət layihələri icra olunmaqdadır. Ona görə də satışın səviyyəsində ciddi azalma müşahidə etmədik. Görünür, həm də yeni məhsullarımıza olan tələbat da şirkətin dövriyyəsində nəzərəçarpan azalmaya səbəb olmadı. 

– Məhsullarınızın yerli tikinti şirkətlərində tanınmasının səviyyəsi necə, Sizi qane edirmi?

– Bunun üçün geniş şəkildə marketinq tədbirləri həyata keçiririk. Reklam daşıyıcılarının əksəriyyətindən istifadə edirik. Bilirsiniz ki, FAB Akademiyası fəaliyyət göstərir. Burada peşəkar ustaları hər bir məhsulumuzla tanış edir, düzgün istifadə qaydalarını onlara əyani olaraq göstəririk. Eyni zamanda istehsalat prosesləri ilə tanışlıq və laboratoriyalarımızda məhsulun keyfiyyətinə dair aldığımız nəticələr haqqında onları məlumatlandırırıq. Xüsusi nəşrlərimiz, məlumat xarakterli bildirişlərimiz də paylanır. Bəzən ustalar məhsulları düzgün istifadə etmirlər. Ona görə də onların məlumatlandırılmasına böyük diqqət yetiririk. Ustalarımızı yenilikləri öyrənmək üçün onlarla tez-tez görüşlər keçiririk və görəcəkləri işin nəticəsinin daha keyfiyyətli olması üçün səylərimizi birləşdirməyi təklif edirik.

– Laboratoriyadan söz düşmüşkən, bilirəm ki, FAB laboratoriyaları həm texniki imkanlarına, həm də kadr potensialına görə çox güclüdür.

– İstehsala başlamazdan əvvəl birinci onun laboratoriyasını qururuq. Hazırda FAB Akademiyasının 2 böyük korpusu fəaliyyət göstərir. Bunlar FAB Akademiyası I Korpus, FAB Akademiyası II Korpus kimi tanınır. Bu korpuslarda boya, polimer, toz və plastik məhsullar üzrə keyfiyyətə nəzarət laboratoriyaları fəaliyyət göstərir. Strateji araşdırma və inkişaf laboratoriyamızda isə yeni məhsullarımızın təməli qoyulur, desək daha düzgün olar. Bütün məhsulları laboratoriyalarda test sınaqlarından keçiririk. Yeni məhsulumuzu bazardakı başqa firmanın eyni növ məhsulundan daha keyfiyyətli buraxmağa çalışırıq. Bizim üçün keyfiyyət qızıl qaydadır! Bugün FAB boya keyfiyyəti ilə tanınır və öndədir.

– Bilirsiniz ki, hökümət ölkəyə xarici valyuta gətirəcək şirkətlərə hər cür dəstək verməyə hazır olduğunu bəyan etdi. FAB öz potensialına görə regional səviyyədə tanınır. Məhsullarınızın xarici bazarlara çıxışı varmı?

– Gürcüstan bazarı ilə sıx çalışırıq. Bundan başqa, Qazaxıstan və Rusiyaya məhsul ixracımız olub. Bizim hədəfimiz dünya şirkətləri arasına çıxmaqdır.  Bu sahədə işlərimiz davam edir. Məhsullarımızın xarici bazara çıxarılması üçün bazar araşdırmaları aparırıq. Bizim üçün maraqlı olan ölkələr var və həmin bazarlara çıxış imkanları şirkətimiz qarşısında duran prioritetlərdən biridir.

– Keyfiyyət həmişə inkişafda olan bir amildir. Müştərilərin məhsullarınız barədə fikirlərini necə öyrənirsiniz?

– Yəqin ki, siz bazar araşdırmasını nəzərdə tutursunuz. FAB-ın satış mərkəzləri və çoxsaylı satış təmsilçiləri var. Azərbaycanın ən ucqar kəndinə belə məhsullarımızı özümüz çatdırırıq. Bakıda müştəri FAB məhsullarını hansı qiymətə alırsa, ən ucqar kənddə də həmin qiymətə alır. Bazar araşdırmasının ilk mənbəyi də bizim satış təmsilçiləridir. Pərakəndə və korporativ satışlar üzrə menecerlərimiz işlədikləri hədəf kütlələri üzrə müştərinin fikirlərini bizə çatdırır. Əlavə olaraq, təklif blanklarımızı alıcılara təqdim edirik ki, öz fikirlərini bizimlə bölüşsünlər. Sorğular keçiririk və ən nəhayət, artıq ilk məhsul buraxılışından sonra tələbin artması keyfiyyətli məhsul istehsal etdiyimizi təsdiqləyir. Həmçinin onu da qeyd edim ki, bazar haqqında və rəqib məhsulları barədə müxtəlif məlumat əldə etmək, toplanan nəticələri analiz etmək, bazar araşdırmasını həyata keçirən komandamıza həvalə edilir.

– Yerli istehsalçı kimi bazardakı hazırki mövqeyinizdən razısınızmı və müştərilər niyə FAB-ı seçməlidirlər, sualına cavabınız necədir?

– FAB-ı ilk növbədə keyfiyyətinə görə seçsinlər. Bizi tanıyan müştərilərimiz keyfiyyətimizə önəm veriblər. Bu gün bütün yerli boyaları laboratoriyada test eləsək, FAB birinci olar, buna əminəm! Bol məhsul çeşidi və münasib qiymətlərimizlə istehlakçılarımıza tam açığıq. İstənilən sualı cavablandırmağa, müzakirə etməyə açığıq. FAB yenilikçi bir şirkətdir və yeni məsullarımızla müştərilərimizi sevindirməkdə davam edəcəyik.

– Maraqlı müsahibə üçün təşəkkür edirəm.

– Buyurun.