Azərbaycanın “qara siyahı”sına 180 xarici jurnalistin adı daxil edilib

Oxunma sayı: 8011 Yanvar, 2017 22:00

Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfər edən xarici vətəndaşların siyahısına 180 jurnalisitin adı daxil edilib. 

Bu barədə XİN məlumat yayıb. 

“İşğal edilmiş ərazilərə qanunsuz səfər etdikləri üçün 180 xarici jurnalistin adı Azərbaycanda arzuolunmaz şəxslərin daxil edildiyi “qara siyahı”dadır. Onların əksəriyyəti Rusiya və Ukraynanın jurnalistləridir”, - nazirlikdən bildiriblər.

XİN qeyd edib ki, ümumilikdə “qara siyahıya” 623 nəfər daxildir. 

"2016-cı ildə 20-yə yaxın adam rəsmi şəkildə üzr istəyib, bununla əlaqədar onların adları siyahıdan çıxarılıb. Onların arasında Litva, Yaponiya və Avstriyadan olan jurnalistlər var. Azərbaycanın işğal edilmiş ərazilərinə ən çox Rusiya, Almaniya, Fransa, İtaliya və ABŞ nümayəndələri səfər edib”, - nazirliyin nümayəndəsi bildirib. 

Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev agetliyə bildirib ki, nazirlik İndoneziyanın “Tempo” jurnalının nümayəndəsi Fameqo Putrinin Dağlıq Qarabağa “qanunsuz səfəri” ilə əlaqədar informasiyanı araşdırır. 

“Azərbaycanın İndoneziyadakı səfirliyinə İndoneziyanın “Tempo” jurnalının nümayəndəsi Fameqo Putrinin Dağlıq Qarabağa “qanunsuz səfəri” ilə əlaqədar informasiyanın araşdırılması tapşırılıb”, - o deyib. 

Putri 2016-cı ilin oktyabrında işğal edilmiş Qarabağda olub və səfərin yekunlarına görə “Tempo” jurnalında dərc edilən məqaləni hazırlayıb.