"Gürcüstan öz ərazisindən Azərbaycana qarşı istifadə olunmasına imkan verməz"

Oxunma sayı: 8092 İyun, 2017 23:00

"Azərbaycan və Gürcüstan hakimiyyətinə əks olan qüvvələr, bir sıra xarici dairələr və Ermənistan mətbuat vasitələri qanunsuz olaraq Gürcüstandan Azərbaycana keçən Əfqan Muxtarlının həbsi məsələsini siyasiləşdirərək iki ölkə arasındakı münasibətlərə xələl gətirməyə çalışırlar".
 
Bunu Trend-ə  Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşov deyib.
 
Ə.Amaşov bildirib ki, Ə.Muxtarlı Gürcüstan-Azərbaycan dövlət sərhədini pozmasına, qaçaqmalçılığa, hakimiyyət nümayəndəsinə müqavimət göstərdiyinə görə saxlanılıb: "Məsələ ilə bağlı Gürcüstanın rəsmi şəxsləri də bəyanatlar verib. Orada da Əfqan Muxtarlının sərhədi qanunsuz keçdiyi üçün həbs edildiyi qeyd olunur. Eyni zamanda rəsmi Tbilisi bildirib ki, bu vaxta qədər Azərbaycan tərəfi hər hansı bir azərbaycanlının Gürcüstanda fəaliyyətinin məhdudlaşdırılması və təhvil verilməsi ilə bağlı müraciət etməyib. Bununla bağlı yayılanlar şayiədir".
 
Ə.Amaşovun sözlərinə görə, Gürcüstan ictimai-siyasi xadimləri də bəyan edirlər ki, bu hadisəni siyasiləşdirmək lazım deyil: "Ümumiyyətlə Gürcüstan öz ərazisindən heç bir beynəlxalq təşkilata, heç bir quruma yaxın qonşusu, strateji tərəfdaşı olan Azərbaycana qarşı təbliğat aparılmasına imkan verməyəcəyini bəyan edir. Lakin erməni mətbuatı həmişə Gürcüstan və Azərbaycan münasibətlərinə xələl gətirən materiallar yazır və bu hadisədən də yararlanmağa çalışır. Gürcüstan rəhbərliyi bütün bunları yaxşı bilir və heç zaman imkan verməz ki, Gürcüstandan Azərbaycana qarşı istifadə olunsun, iki ölkə arasında münasibətlərə xələl gəlsin".