Bəhruz Quliyev şok etiraflar etdi - İLK DƏFƏ

Oxunma sayı: 66938 Avqust, 2017 18:00

Bu dəfəki müsahibimiz “Səs” qəzetinin baş redaktoru, Səs Media Qrupunun təsisçisi və rəhbəri, siyasi şərhçi, fəlsəfə doktoru Bəhruz Quliyevdir.

Olduqca maraqlı və səmimi mühitdə keçən müsahibədə həmsöhbətimiz keçdiyi ömür yolundan, çətinliklərindən, uğurlarından danışdı, ölkədəki ictimai-siyasi vəziyyəti təhlil etdi. Onunla söhbətə ənənəvi sualla - “Necə oldu mətbuata gəldiniz” sualı ilə körpü saldıq.

Bir var atasız-anasız yetim, bir də var atalı- analı yetim, mən ikincilərdən idim...

Bu məqamda deyək ki, Bəhruz Quliyev naxçıvanlıdır. 20 yanvar 1973-cü ildə Şahbuz rayonunun Qarababa kəndində anadan olub. Uzun müddətdir Bakıda yaşasa da, paytaxt həyatına qaynayıb qarışsa da, hələ də naxçıvanlı ləhcəsini saxlayır, xüsusən səmimi söhbətlərdə bunu aydın sezmək olur.

Bir çoxlarımıza elə gəlir ki, həyatda uğur qazanmış, müəyyən mövqe əldə etmiş şəxslər buna çox asan və rahat şəkildə nail olublar. “Bəxti-taleyi üzünə güldü, irəli getdi” şablonu bu dəfə işə yaramayacaq. Müsahibimiz çox çətin və məşəqqətli ömür yolu keçib.

“Həm atam, həm də anam ziyalı idilər, müəllim işləyirdilər. Fəxr edirəm ki, mənim valideynlərim ziyalı olublar və biz onlardan çox şeylər əzx etmişik. 1980-1987-ci illərdə kənd orta məktəbində oxusam da, sonradan yolumu Ordubad rayon internat məktəbindən saldım. Ardınca Bakıda 1 saylı fizika-riyaziyyat təmayüllü internat məktəbində oxudum. Düzdür, mənim internat məktəbində təhsil almağım sırf fərqli səbəblərdən idi. Lakin mən valideyn himayəsindən məhrum olmuş uşaqlarla bir sinifdə təhsil alırdım. Valideynsiz uşaqların  yanında pul xərcləmək,  onların yanında əyləncəli uşaqlıq həyatı keçirmək olmazdı. Bir sözlə davranışıma diqqət etməli idim. Bizim aldığımız tərbiyə bu idi. Bu səbəbdən mən atasız-anasız uşaqların yanında atalı-analı yetim idim”.

Daxilimdə bir SƏS var idi – “Bəhruz sən seyrçi qala bilməzsən, get vətənini qoru!”

Yazının girişində müsahibimizin haqqında əsas məlumatları versək də, bir məqamı qeyd etmədik. Əslində Bəhruz müəllimin özü buna razı olmadı. “Mən bunu nəyə və kiməsə görə etməmişəm, bunu etməsəydim, vicdanım məni rahat buraxmazdı” deyir müharizə veteranı olan qəhrəmanımız. 

“1990-cı ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinə daxil oldum. Əslində təhsilim əyani olmalı idi. Amma mən  torpaqlarımız uğrunda gedən döyüşlərdə iştirak etmək üçün könüllü olaraq təhsil formasını qiyabiyə keçirdim və Şahbuz rayonunda və kəndlərdə  yaranmış könüllülər qrupuna qoşuldum. O vaxt çox çətin idi, əli silah tutan hər kəs vətənin müdafíəsinə qalxırdı.  Erməniylə 100 metr məsafədə postlar qurulmuşdu. Baxmayaraq ki, bu kifayət qədər təhlükəli idi, amma sadə vətəndaşlar belə qətiyyən çəkinmir, əzm və inamla düşmənə sipər olurdular.  

Sonrakı dövrlərdə  Naxçıvana rəhbərlik edən Ulu Öndər Heydər Əliyevin naxçıvanlılara aşıladığı ruh yüksəkliyi, vaxtaşırı olaraq ermənilərlə sərhəddə olan kəndlərimizə gəlməsi biz döyüşçüləri qələbədən qələbəyə səsləyirdi. Bu məqamda qeyd edim ki, könüllü olmaq bizim üçün şərəf məsələsi idi. İndiyə qədər maraqlanmamışam ki, veteran vəsiqəm hardadır, yəni bundan heç zaman sui-istifadə etməmişəm. 

1992-1996-cı illərdə isə Sərhəd Qoşunlarında həqiqi hərbi xidmətdə olmuşam. N saylı Hərbi Hissədə düşmənlə üzbəüz sərhəd məntəqələrində qulluq etmişəm. Hərbi xidmətdən dönəndən sonra təhsilimi davam etdirmişəm və 2002-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirmişəm”.

“Sonradan başa düşdüm ki, jurnalistikadan kənarda dayana bilmərəm VƏ...”

Müsahibimiz nə az-nə çox, düz 20 il öncə "Səs" qəzetində jurnalist kimi fəaliyyətə başlayıb, 1998-ci ildən rəsmi müxbir, 2000-ci ildə məsul katib, 2001-ci ildə baş redaktor müavini kimi çalışıb. 2005-ci ildən isə "Səs" qəzetinin baş redaktorudur.

Eyni zamanda, 2008-ci ildə “Səs” Media Qrupunu təsis edib. Qrupun tərkibində "Səs" İnformasiya Agentliyi, "SəsTv" İnternet Televiziyası və bir neçə internet portalı fəaliyyət göstərir.

Mətbuata gəlişindən danışan həmsöhbətimiz bildirir ki, riyaziyyatçı olsa da, yaradıcılığa həmişə böyük marağı olub:

“Əslində mən riyaziyyat təmayüllü internat məktəbini bitirmişəm. Memarlıq və İnşaat Universitetinində isə nəqliyyatçı ixtisası üzrə ali təhsil almışam. Bilirsiniz ki, böyük qardaşım Rasim Quliyev hazırda məmur olsa da, müstəqillik hərəkatı illərindən aktiv jurnalist fəaliyyəti ilə məşğul olub. Onun mənim jurnalist kimi fəaliyyətə başlamağımda böyük rolu olub. Hələ 1997-ci ildə mən “Səs” qəzetində məqalələr yazırdım. Əsasən yumoristik və felyaton janrlarda yazılar yazırdım. O vaxtkı və indiki müxalifət liderlərini tənqid edirdim. Sonradan “Səs” qəzetində məsul katib və baş redaktor müavini təyin olundum. 2005-ci ildən isə "Səs" qəzetinə rəhbərlik edirəm. Hazırda bizim media qrupumuz fəaliyyət göstərir və bu qrupun daxilində müxtəlif informasiya resursları cəmləşib”.

“”Səs” təkcə qəzet deyil, həm də bir ideoloji silahdır, biz Heydər Əliyev yolunun əsgərləriyik”

2008-ci ildə ikinci ali təhsil olaraq Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında bitirib, 2014-cü ildə fəlsəfə üzrə fəlsəfə doktoru alimlik dərəcəsini alan Bəhruz Quliyev rəhbəri olduğu “Səs” qəzetinin yaranma tarixindən danışır:

“Bizim qəzet yarandığı gündən bir amala xidmət edib – Heydər Əliyev ideyalarının təbliği. Bu həmişə belə olub, indi də belədir, bundan sonra da belə olacaq. Ulu Öndər Naxçıvana rəhbərlik etdiyi dövrdə “Səs” qəzeti Bakıda fəaliyyət göstərirdi. 1992-ci ilin oktyabrında ölkənin tanınmış, seçilən, vətənpərvər ziyalıları adından Heydər Əliyevə müraciət olundu. Müraciətdə Ulu Öndərdən bu ağır, çətin dövrdə Bakıya qayıtmaq, ölkəni düşdüyü böhrandan çıxarmaq xahiş olunurdu. Ulu Öndər “Səs” qəzetində ziyalıların müraciətinə cavab verdi. Ümumilli Lider cavabında çox aydın tezislər ortaya qoymuşdu. Həmin tezislər beş bənddən ibarət idi. O bəndlərdə ölkəni uçuruma aparan məqamlar əksini tapmışdı. Kadr siyasətinin yanlış olmasından tutmuş iqtisadi problemlərdən çıxış yoluna qədər bütün məqamlar həmin cavab məktubunda ifadə olunmuşdu. 

Nəhayət 1993-cü ildə Ulu Öndər Bakıya qayıtdı. Çox cəsarətli addım ataraq qiyamın baş verdiyi Gəncəyə getdi. Onu bu ağır məqamda yalnız jurnalistlər tək qoymadı. Məhz Ulu Öndərin hakimiyyətə gəlişindən sonra ölkə separatçı meyllərdən xilas oldu, inkişaf elədi. Yeni, güclü, qüdrətli Azərbaycan quruldu, müstəqil və güclü Azərbaycan dövlətinin əsası qoyuldu. 

“Səs” qəzeti bütün bu mərhələlərdə Ulu Öndərin yanında olub. Hazırda bizim qarşımızda duran əsas hədəf fasiləsiz olaraq Heydər Əliyev siyasi kursunu təbliğ etmək və ölkədə həyata keçirilən islahatlara dəstək olmaqdır”.

“Biz öz məqsədimizə çatdıq, bu gün Azərbaycan adı gələndə hamı ayağa durur, ölkəmizin uğurlarını etiraf edirlər”

Müsahibimiz bildirir ki, ölkəmizin yürütdüyü xarici siyasət kursu Azərbaycanı sözün yaxşı mənasında fərqlənən bir dövlətə çevirib:

“Çox uzağa getməyək. Götürək elə qonşu dövlətləri, postsovet məkanında olan ölkələri. Yaxud yaxın şərq dövlətlərini. Müşahidə aparsaq görərik ki, hamısı ciddi problemlər, təlatümlər içərisindədir. Həmin ölkələrdə xaos hökm sürür, sabitlik yoxdur, iqtisadi böhran yaşayırlar. O dövlətlərin rəhbərləri əsas diqqətlərini siyasi təzyiqlərdən dolayı yaranan iqtisadi böhranın aradan qaldırılmasına yönəldiblər, faktiki olaraq inkişafdan geri qalırlar. Bəzilərini isə terror dalğası bürüyüb. Budurmu inkişaf, budurmu tərəqqi? Əlbəttə ki, yox. 

Cənab Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət kursu ölkəmizi bütün bu təhlükələrdən sığortalayır. Bu gün dünyada bir “Azərbaycan modeli” yaranıb. Bu model milli maraqları öndə tutaraq müstəqil siyasət kursunu özündə ehtiva edir. Ölkəmiz nəhəng qonşular arasında normal münasibətlərin qurulmasına vasitəçilik edir. Rusiya və Türkiyə arasında münasibətlərin bərpasında ölkəmizin rolunu həmin dövlətlərin rəhbərləri özləri də etiraf edirlər. Bu beynəlxalq uğurdur, diplomatik qələbədir. Bunu etiraf etmək lazımdır.

Son illərdə Azərbaycanda çox ciddi iqtisadi islahatlar həyata keçirilir. Bu islahatların doğurduğu nəticəni hər bir Azərbaycan vətəndaşı öz gündəlik həyatında hiss edir. Elə bir sahə yoxdur ki, dövlət rəhbərinin diqqətindən kənarda qalsın. Ölkəmiz dünyanın aparıcı idman ölkələrindən birinə çevrilib. İstər Avropa oyunları, istər İslam oyunları, istərsə də digər beynəlxalq yarışlar bunun bariz nümunəsidir. Yaxud elə bizim çalışdığımız sahə olsun, bu gün mətbuata dünyada analoqu olmayan səviyyədə dövlət dəstəyi göstərilir. Jurnalistlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Cənab Prezident İlham Əliyevin sərəncamı ilə yüzlərlə mənzildən ibarət binalar tikilib istifadəyə verilib. Hesab edirəm ki, ölkəmizin gələcəyi parlaqdır və qarşıda bizi daha möhtəşəm uğurlar gözləyir. Yaxın gələcəkdə Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanımız  dünyanın aparıcı dövlətlərindən birinə çevriləcək. Buna heç kimin şübhəsi olmasın”.

Müsahibəni aldı: Azər Niftiyev