Şamaxıda dəhşətli qəza: 1 ölü, 6 yaralı var

Oxunma sayı: 9612 Avqust, 2017 20:00

Şamaxıda minik avtomobili dərəyə aşıb. Hadisə zamanı maşında olan 7 nəfərdən biri ölüb, 6 nəfər xəsarət alıb. Goranboyda isə minik avtomobili piyadanı vuraraq öldürüb.

Minik avtomobilinin dərəyə aşması 1 nəfərin ölümü, 6 nəfərin xəsarət alması ilə nəticələnib.

Ağır qəza ötən gecə Şamaxı-Pirqulu yolunun Şamaxının Nağaraxana kəndindən keçən hissəsində baş verib. Rayon sakini Arif Bünyətovun idarə etdiyi minik avtomobili yoldan çıxaraq 70 metr dərinliyi olan dərəyə aşıb.

Sürücü və avtomobildə olan 6 nəfər sərnişin müxtəlif bədən xəsarətləri ilə Şamaxı rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq rayon sakini, 29 yaşlı Səxavət Cəbiyevin həyatını xilas etmək mümkün olmayıb.

Tərlan İsgəndərovun vəziyyəti ağır olduğundan paytaxtdakı xəstəxanalardan birinə göndərilib. Məlumata görə, xəsarət alanlar Şamaxı şəhərindəki restoranların birində ofisiant işləyirlər. Onların hamısı bir avtomobilə minərək toy mərasimindən evə qayıdırmış.

Goranboyda isə minik avtomobili piyadanı vuraraq öldürüb. Hadisə ötən gecə rayonun Qızılhacılı qəsəbəsində baş verib. Qəsəbə sakini, 57 yaşlı Afərin Həsənova yolu keçmək istəyərkən minik avtomobili tərəfindən vurulub. Qadını vuran avtomobil daha sonra başqa bir minik maşınına çırpılıb. Ağır bədən xəsarətləri alan Afərin Həsənova xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hər iki faktla bağlı araşdırma aparılır.

///xezerxeber