"Dəmirçi Plaza"da qətl: "Onu yuyanlar dedilər ki..."

Oxunma sayı: 77616 Avqust, 2017 05:00

Bakı Ağır Cinayətlər Məhkəməsində "Dəmirçi Plaza"da qəsdən adam öldürməkdə ittiham olunan Elşən Bəşirovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Prosesə hakim Fikrət Qəribov sədrlik edib.

 

Prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama görə, qətl hadisəsi bu ilin yanvar ayının 7-də Xətai rayonu ərazisində yerləşən "Dəmirçi Plaza" MMC-yə məxsus binada icarə əsasında fəaliyyət göstərən "İraq Hava Yolları" şirkətinə məxsus ofisdə baş verib.

 

Həmin şirkətdə sürücü işləyən Bakı şəhər sakini Elşən Bəşirov münaqişə zəminində tüfəngdən atəş açaraq satış üzrə menecer - paytaxt sakini Əli Ağalınıqətlə yetirib. İstintaq yolu ilə müəyyən edilib ki, E.Bəşirov idarə etdiyi "Toyota" markalı avtomobillə hava limanına gedib. Avtomobildə Əli Ağalı da olub. Yolda aralarında mübahisə yaranıb. E.Bəşirov ertəsi gün ov trüfəngini götürüb ofisə gəlib və Əli Ağalını qətlə yetirib.

 

Təqsirləndirilən E.Bəşirov ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. İfadəsində ötən ilin oktyabr ayında şirkətə sürücü düzəldiyini deyib: "Məni işə dostum Eminağa düzəltmişdi. Şirkətin rəhbəri ərəb idi. Eminağa onun tərcüməçisi işləyirdi. Rəhmətə gedən Əli Eminağa ilə heç cür yola getmirdi. Həmişə pirinsip aparırdı. Onun dalınca danışır, maşında onu söyür, təhqir edirdi, özünü görəndə isə qabağına yüyürürdü. Mən də belə şeyləri qəbul edə bilmirdim. Ona görə də, mənimlə də ədavət aparırdı. Çünki məni işə Eminağa düzəltmişdi. Eminağanın da şirkətin rəhbəri ərəblə münasibəti yaxşı idi. Əli də bununla barışa bilmirdi. Əli şirkətdə direktor olanda mənimlə ədavətini artırdı. Mən də səbəbini soruşanda heç nə demirdi. Ancaq müdirin və Eminağanın arxasınca danışırdı".

Təqsirləndirilən E.Bəşirov ifadəsində hadisədən bir gün öncə Əli ilə birlikdə hava limanına getdiyini deyib: "Əli və digər iş yoldaşım Natiqlə hava limanına gedirdik. Yolda Əli yenə də eyni söhbətləri etməyə başladı. Deyirdi ki, "savadsızlar, qanmazlar gəlib vəzifədə oturur, biz savadlılar kənarda qalırıq". Deyirdi ki, tezliklə hamınızın axırına çıxacaqlar. Yenə Eminağanın ünvanına xoşagəlməz sözlər dedi. Natiq də başladı gülməyə. Onların hərəkəti mənə psixoloji təsir edirdi. Mənim əvvəl də psixoloji problemlərim olub, müalicə olunmuşam. Artıq bu söhbətlər məni təngə gətirmişdi. Maşını saxlayıb qapını açdım, yaxasından tutub Əlini yerə düşürtdüm, Natiq də düşdü. Maşına minib qapını örtdüm. Sürmək istəyəndə Əli məni təpikləməyə başladı. Qapını açıb mənə yumruq, təpik zərbələri vurdu. Aşağı düşüb əlbəyaxa olduq. Natiq də qolumu tutub saxlayırdı".

 

E.Bəşirovun ifadəsinə görə, Əli ilə aralarında baş vermiş insidentdən rəhbərlik xəbər tutub və onu ofisə çağırıblar: "İhsan bəy çağırdı, hadisənin necə baş verdiyini soruşdu. Əli ilə aramızda baş verənləri danışdım. Dedim ki, əgər narazısınızsa, mən işdən çıxa bilərəm. Dedilər ki, işdən çıxmırsan, sabah gələrsən, Əligil də gələr, danışarıq. Onsuz da, onu buradan işdən çıxardacağıq. Əli tək mənə yox, digər işçilərə də problem yaradırdı".

 

Yanvarın 7-də E.Bəşirov ofisə gələrkən Əli Ağalı ilə yenidən aralarında mübahisə yaranıb: "Həmin gün ofisə gəlməkdə məqsədim işdən çıxmaq idi. Əməkhaqqımı alıb çıxıb gedəcəkdim. Hər həftə sonları atıcılığa gedirdim. Maşına silahı da ona görə qoymuşdum ki, pulu alıb, sağollaşıb gedim. Ofisə qalxdım ki, müdirlə danışım. Müdir həmişə işə tez gəlirdi. Tərslikdən həmin gün gəlməmişdi, gözlədim. Nəzarət kameralarında da var ki, mən ora gedib işçilərlə görüşüb oturmuşam. Sonra Əli otağa girdi. Məni təhqir eləməyə, alçaltmağa başladı, yaxamdan tutub çölə çıxarmaq istədi, çıxmadım. Yenə də təhqirlərini davam etdirdi - dünənki "razborka"nı davam etdirmək istəyirdi. İşdən qovluq almağımı tapşırdılar. Aşağı düşəndə fikrimi dəyişdim. Silahı götürüb Əlidən qisas almaq qərarına gəldim. Otağa qalxıb atəş açdım"

Hadisə zamanı ofisdə olan şirkətdə tərcüməçi işləyən Natiq adlı əməkdaşı da xəsarət alıb.

 

Təqsirləndirilən E.Bəşirov Əlini öldürməyi qabaqcadan planlaşdırmadığını deyib: "Əgər belə niyyətim olsaydı, elə gələn kimi vurardım. İçəri girəndə Əlini tuşlayıb atdım. Kimə dəydiyini bilmirəm".

 

Təqsirləndirilən şəxs dövlət ittihamçısının və tərəflərin suallarını cavablandırıb. Zərərçəkmişin "sənin söylədiklərin səbəb deyil, erməniyə və İŞİD-ə xas olan belə bir cinayəti törətməyə nə səbəb olub?" sualına təqsirləndirilən şəxs cavab verə bilməyib. Zərərçəkmişin hüquqi varisi Xalid Ağayev də məhkəmədə ifadə verib.

 

Axund olduğunu deyən X.Ağayev ifadəsində oğlunun qatilini tanımadığını deyib: "Mənim oğlum ziyalı ailədə böyüyüb, onun dilindən bir kəlmə belə söyüş çıxmazdı. Hər evə gələndə atasının, anasının əlini öpərdi. Bu şəxs təkcə oğlumu öldürməyib, ailəmizə - Əlinin dayılarına, əmilərinə də bu acını yaşadıb". X.Ağayev oğlunun qatilinin dediklərinə inanmadığını məhkəmənin diqqətinə çatdırıb: "Belə səbəblərə görə adamı öldürərlər? Deyir ki, psixoloji problemləri var imiş. Axı belə bir adama necə silah verilib? Dava ediblər, bir gün sonra qətli törədib. Yəni affekt vəziyyətində olmayıb, heç bir psixoloji problemi də yoxdur. Məncə, bu işdə başqa bir səbəb var. Belə bir səbəbə görə adam öldürməzlər".

X.Ağayev təqdirləndirilən şəxsə ömürlük cəza istəyib: "Bunu tikə-tikə eləsələr də, onsuz da, oğlum geri qayıtmayacaq. Amma ittiham üzrə yazılmış 7 maddə ilə cəzasını alsın. Az da olsa ürəyimiz soyusun. Ömürlük cəza almasını istəyirəm. Əgər o, oğlumu dörd güllə ilə uzaqdan vuraraq öldürsəydi, bəlkə də bağışlayardım. Amma məni dəhşətə gətirən dörd güllədən sonra yaxın məsafədən oğlumun başına atəş açmasıdır. Məni morqa buraxmadılar. Təzəpir məscidinə gətirib cənazəni yuyanda içəri buraxmadılar. Hacı Surxay məsciddə danışanda eşitdim ki, mərhumun başından heç nə qalmayıb. Dəhşətə gəldim. İki gülləni başına vurub, oğlumun başını dağıdıb. Bəlkə ömürlük cəza versələr, az da olsa təskinlik taparam".

Məhkəmə prosesi davam edir.

 
///virtualaz.org