Bələdiyyə sədrinə "məcburi göstəriş" - Zibillər təmizlənsin

Oxunma sayı: 80222 Avqust, 2017 11:20

"Qumux dərəsi"nin tullantılardan təmizlənməsi üçün bələdiyyə sədrinə "məcburi göstəriş" verilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi nəzarət etdiyi inzibati ərazilərdə (Şəki, Qax, Balakən, Zaqatala) ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirib.

Keçirilən reyd zamanı Şəki rayonu "Qumux dərəsi" adlanan ərazidə tibbi tullantıların qalaqlandığı aşkar edilib.

Nazirlikdən ANV.AZ-a verilən məlumata görə, sraşdırma zamanı sözügedən ərazinin Baş Layıski bələdiyyəsinin mülkiyyətinə aid olduğu və əraziyə istifadə müddəti sona çatmış 4 kub metr həcmində müxtəlif adda iynə və dərman preparatlarından ibarət tibbi tullantıların atıldığı məlum olub. Əraziyə Şəki rayonu Gigiyena Epidemologiya Mərkəzinin, rayon Polis Şöbəsinin, Baş Layıski Bələdiyyəsinin və Baş Layıski İnzibati Ərazi Dairəsinin nümayəndələri dəvət edilib.

 

Faktla bağlı akt tərtib olunub və ərazinin tullantılardan təmizlənməsi üçün Baş Layıski Bələdiyyəsinin sədrinə icrası məcburi olan müddətli "məcburi göstəriş" verilib.

Araşdırma müddətində təhlükəli tullantıları atan təqsirkar şəxslərin müəyyələşdirilməsi mümkün olmayıb. Qanun pozucuları barəsində qanunamüvafiq qaydada tədbir görülməsini təmin etmək məqsədilə təqsirkarların tapılması üçün Şəki rayon Polis Şöbəsinə müraciət edilib.